Dayanıqlı Dizayn ekoloji məsələlərə həssas yanaşan, resursların səmərəli istifadəsini və gələcək nəslin rifahını diqqət mərkəzində tutan, təbiət və sosial elmlərin qarşılıqlı əlaqəsi nəticəsində ortaya çıxan bir konsepsiyadır. Bu konsepsiyaya görə memarlar tikili ətraf mühiti formalaşdırmaq və təkcə ilhamverici deyil, həm də dayanıqlı gələcəyə töhfə verən məkanlar yaratmaq gücünə sahibdirlər. Dayanıqlı Dizayn prinsiplərini mənimsəyən memarlar binaların ətraf mühitə təsirini azaldır, resursların istifadəsi zamanı səmərəliliyi artırır və sakinlərin sağlamlıq və məhsuldarlığını yaxşılaşdırmağa çalışırlar.
Dayanıqlı Dizaynın əsas prinsipləri:
Enerji Səmərəli Dizayn
Təbii havalandırmaya, gün işığına və kölgəyə üstünlük vermək şərtilə memarlar öz layihələrində LED işıqlandırma, ağıllı idarəetmə və bərpa olunan enerji sistemləri kimi enerjiyə qənaət edən texnologiyalar istifadə edirlər. Burada başlıca məqsəd enerji istehlakını azaltmaq və təmiz, bərpa olunan enerji mənbələrindən istifadəyə stimul yaratmaqdır.
Dayanıqlı Material Seçimi
Memarlar tərəfindən ekoloji təmiz və təkrar emal olunan materiallar seçilir. Onlar işə cəlb etdikləri materialların hasilatı, istehsalı, daşınması, istifadəsi və tullantıya çevrildikdən sonrakı utilizasiyası daxil olmaqla binaların həyat dövrünü nəzərdən keçirir. Burada başlıca məqsəd dairəvi iqtisadiyyatı inkişaf etdirilməsi üçün konstruksiyaların sökülüb yenidən yığılmasını mümkün edən və materialın təkrar emalını dəstəkləyən dizaynlar çəkməkdir.
Suyun Mühafizəsi
Suya qənaət olunmasına dəstək vermək üçün memarlar öz layihələrində suya qənaət edən qurğuları, yağış suyu toplama sistemlərini və çirkab suyun təkrar emalını dəstəkləyən bir sıra ön şərtləri təmin edir. Məsələn, suyun infiltrasiyasını təşviq etmək, fırtına sularının axınını azaltmaq və tikili ətraf mühitdə ekosistem xidmətlərini təkmilləşdirmək üçün keçirici səthlərə və biodrenaj kimi yaşıl infrastruktura memarlıq layihələrində yer verilir.
Biofilik Dizayn
Yeni məkanlarda ictimai rifahın, məhsuldarlığın artırılması və ətraf mühitə uyğunlaşması üçün memarlar təbii işıq, təbiət mənzərələri, otaq bitkiləri və açıq məkanlara çıxış kimi xüsusiyyətlərə malik təbii elementləri məharətlə istifadə edir.
Dirəncli və Uyğunlaşan dizayn
Bu prinsiplə memarlar ekstremal hava şəraitinin artan tezliyini, temperaturun yüksəlməsini və dəniz səviyyəsinin qalxmasını nəzərə alaraq bütün iqlim dəyişikliyinin təsirlərinə dirəncli və gələcək nəsillərin ehtiyaclarına uyğunlaşa bilən binalar dizayn edirlər. Burada başlıca məqsəd uzunmüddətli işləkliyi təmin etmək və xarici təsirlərə həssaslığı minimuma endirmək üçün passiv soyutma, daşqına dirəncli dizayn və fərqli şərtlərə uyğun dəyişəbilən mərtəbə planları kimi strategiyalarıın həyata keçirilməsidir.
Dayanıqlı Dizayn prinsiplərini tətbiq etmək təkcə ətraf mühitə fayda vermir, həm də iqtisadi üstünlüklər təklif edir, sakinlərin rifahını artırır və dayanıqlı binalar üçün artan bazar tələbini qarşılamağa yardımçı olur. Bütün bunların köməyilə memarlar dünyada və cəmiyyətdə müsbət mənada fərq yaradır və gələcəyə yönəlik dizaynlarla müasir problemləri həll edir.