Amsterdam şəhərində yerləşən XML kreativ agentliyi 2016-cı ildə siyasəti və memarlığı bir-birilə nəfis şəkildə əlaqələndirən Parliament adlı kitab nəşr etdirib. Kitabın müəllifləri Van der Vegt və onun XML-dəki ortağı Maks Koen de Lara beş il vaxt sərf edərək Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkənin hamısının parlament zallarını tədqiq edib nəticədə oturacaqların tərtibatını beş tipoloji qrupa ayırmışlar. Bunlar “dairə”, “yarımdairə”, “sinif otağı”, “at nalı”, və “əks” şəkildə düzülüşlər adlanır. Bu araşdırma sayəsində sadəcə parlament zallarının planına baxaraq oradakı siyasi vəziyyət haqqında məlumat əldə etmək olar. Məsələn, müəlliflərin fikrincə “sinif otağı” şəklində tərtibata adətən Rusiya kimi “qeyri-demokratik” ölkələrin parlament zallarında rastlamaq olar.
Araşdırmaya görə “əks” şəkildə düzülmüş oturacaqlar isə Birləşmiş Krallıqda olduğu kimi iki hakim partiya arasında qızğın debatların aparılması üçün əlverişli hesab olunur. İkinci dünya müharibəsi zamanı Alman qırıcı təyyarələrin hədəfində olan Böyük Britaniya İcmalar Palatasının yerləşdiyi zal (parlament zalı) havadan atılan bombalar nəticəsində dağılmışdı. 1943-cü ildə bərpa olunması qərarını verərkən britaniyalı siyasi və dövlət xadimi Winston Churchill bu sözləri demişdi.
“Biz binalarımızı şəkilləndiririk; sonra isə onlar bizi”.
Winston Churchill
Yəni, biz nəyi nə cür tikiriksə onlar da bizim həyata o cür təsir edir. Bərpa edilmiş zalda oturacaqların tərtibatı “yarımdairə” şəklində təklif olunsa da onun tövsiyyəsi ilə parlament zalının ənənəvi “əks” şəkli olduğu kimi saxlanıldı. 1950-ci ildə memarlar Charles Barry, Augustus Pugin və Giles Gilbert Scott tərəfindən dizayn edilmiş parlament zalı iki əsas siyasi partiyanı üz-üzə qoyur. Bu tipologiya hakim partiya ilə kölgədə qalan partiyalar arasında aydın sərhəd qoymağa imkan verir. Bundan əlavə, yanınızda oturan biri ilə mübahisə etməyin kürsüdə dayanan biri ilə mübahisə etməkdən fərqli hiss etdirdiyini başa düşmək də çətin deyil. Müəllif Van der Vegt bu haqda fikrini belə izah edir: “Ölçüsü kiçik olduğu üçün burada hər kəsə yer çatmır. Beləliklə, burada aparılan müzakirələr də avtomatik olaraq daha qızğın keçir.” Əlavə edərək deyir: “Burada “əks” şəkildə tərtib olunmuş oturacaqlar vasitəsilə müzakirələrin tərəfini də dərhal anlamaq olur.”
1999-cu ildə Almaniyada Reichstag təmir olunan zaman Bundestag binasının dizaynı London bələdiyyə binasının və Gherkinin də memarı olmuş britaniyalı Norman Foster tərəfindən hazırlanmışdır. Avropanın əksər ölkələrində olduğu kimi, Almaniyanın parlament zalı da “yarımdairə” şəkildə tərtib olunub.
Kitabda o da deyilir ki, “yarımdairə” şəkildə tərtibat amfiteatrda oturan tamaşaçılara səsi və görüntünü yaxşı ötürməkdən ötrü ilk dəfə qədim yunan və roma teatrlarında istifadə olunub. Müəlliflərə görə müasir dövlətlər antik dövrə istinad edərək parlament zalında qravitasiya və qədim ənənəvilik aurası yaratmaq istəyiblər. Oturacaqların tərtibatı həm də parlament üzvlərini bir-birinin yanında yerləşdirir, bu da gücün vizual əlamətlərini aradan qaldırır. Onların fikrincə “əks” şəkildən fərqli olaraq, “yarımdairə” şəkli parlament üzvlərini vahid bir qurumda birləşdirir.
Braziliya Federativ Respublikasında hakimiyyət União adlanır və üç müstəqil qoldan ibarət demokratik sistemlə idarə olunur. Lakin müəlliflər düşünür ki, Braziliyanın parlament zalına baxanda bunu bilmək olmur. Kitabda məlumat verilir ki, buranı Braziliya Kommunist Partiyasının üzvü olmuş məşhur modernist memar Oscar Niemeyer dizayn edib. O öz siyasi baxışından dolayı zalı “sinif otağı” şəklində layihələndirdiyi üçün indi parlamentin interyeri Rusiya, Şimali Koreya və Çin kimi digər ölkələrin parlament zallarına çox bənzəyir.
Bu konfiqurasiyalar onların qanunvericilik orqanlarının fəaliyyətinə təsir göstərir – ya da etmir. “Parlamentin memarlığı innovasiyanın həqiqətən zəruri olduğu sahələrdən biridir” deyən van der Vegt, beş tipologiyanın hamısının 19-cu əsrdən əvvəlki memarlıq üslublarından qaynaqlandığını qeyd edir. Onun fikrincə hökumətlər bu gün yüz illər əvvəl olduğundan fərqli fəaliyyət göstərirlər və parlament zalları dövrün tələbiylə ayaqlaşa bilməyib.