Şəmkirçay su anbarında suyun səviyyəsi ilin əvvəli ilə müqayisədə yüksəlib.

MEMAR.today xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yerli istismar idarəsinin nümayəndəsi Müşviq Mehdixanov məlumat verib.

Onun sözlərinə görə, bu ilin əvvəlində Şəmkirçay su anbarında suyun həcmi 43 milyon, suyun səviyyəsi isə 650 metr təşkil etmişdir. Hal-hazırda suyun səviyyəsi 694 metr səviyyəsinə yüksəlmişdir. Göldə olan suyun həcmi isə 156 milyon kub metrə çatmışdır. Cari ilin 6 ayında anbardan çıxan su 90 milyon kub metr, anbara daxil olan su həcmi isə 200 milyon kub metr təşkil edib.

Bu günlərdə Şəmkirçay su anbarından saniyədə 10 kub su çıxır. Hal-hazırda suvarma mövsümü davam edir. Şəmkirçay magistral kanalı, Şəmkirçay sol sahil kanalı, Şəmkirçay qidalandırıcı kanal vasitəsilə Şəmkir rayonunun əkin sahələrinə suvarma suyu verilir. Şəmkirçay sağ sahil magistral kanal vasitəsilə isə Şəmkir rayonuna və Göygöl rayonunun torpaqlarına suvarma suyu verilir. Bundan başqa Şəmkirçay magistral kanalı vasitəsilə Şəmkirçay sutəmizləyici qurğular kompleksinə su verilir ki, bu da Şəmkir və Gəncə şəhərlərinin içməli su təminatı üçün istifadə olunur.

Qeyd edək ki, Şəmkirçay su anbarının təməli 25 may 2009-cu ildə prezident İlham Əliyev tərəfindən qoyulub. Açılış mərasimi isə 15 noyabr 2014-cü il tarixində baş tutub.

Anbarın tikintisində gil nüvəli mərkəzi bəndin daha möhkəm və etibarlı olması üçün daş-qaya materialından istifadə edilib. Ümumi su tutumu 164,5 milyon kubmetr, faydalı həcmi isə 156,3 milyon kubmetrdir. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Layihəyə əsasən orta illik su ehtiyatı 265,2 milyon kubmetr olan Şəmkirçay çayının sularını bu anbarda nizamlamaqla ildə 207,9 milyon kubmetr sudan istifadə edə bilər. Layihəyə uyğun olaraq su anbarında nəqledici, qəza sutullayıcı və təzyiqli enerji tunelləri tikilib. Şəmkirçay su anbarında yığılan suyu əkin sahələrinə nəql edilməsi üçün əsas magistral kanal, sağ və sol sahil magistral kanalları, həmçinin maşın kanalı üçün qidalandırıcı kanal inşa olunub. Kanallar açıq dəmir-beton üzlük ilə təmin olunub.

Şəmkirçay su anbarı Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarını suvarma suyu ilə Gəncə və Şəmkir şəhərləri, Samux rayonunun Nəbiağalı qəsəbəsini isə içməli su ilə təmin edə bilir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.