Göyçayın mərkəzində olan “Yeraltı hamam” Azərbaycanın nadir memarlıq abidələrindən biridir.


MEMAR.today “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu unikal hamam Göyçay şəhərinin 4 əsas hamamından biri kimi uzun illər insanların istifadəsində olub. Eyni zamanda, şəhər mərkəzində memarlıq cəhətdən diqqəti cəlb edən ən qədim tikililərdən biridir.

Rayon sakini Əlirasim Əhmədli deyir ki, bu hamamın əsas hissəsi torpaq səthindən 2 metr dərinlikdə yerləşir. Ona görə də “Yeraltı hamam” adlanır. Kvadrat şəklində olan tikilinin oval formada 3 böyük salonu var. Onlardan ikisi qadınlar, biri isə kişilər üçün nəzərdə tutulub.

Bundan başqa, hamamda tək adamlıq bir neçə otaq da var. Hamamı göyçaylı milyonçu Həzrət bəy Ağabəyzadə tikdirib və onu qızına hədiyyə edib. Tikilinin özünün ocaqxanası, su anbarı, bişmiş kərpicdən hazırlanmış hava daxil olan labirintləri və kanalizasiya xətləri vardı. Hamam yayda sərin, qışda isə isti olar, təmiz və çirkli sular ayrı-ayrı xətlərdə axardı.

Göyçay sakini Əlirza Cəfərov isə bildirib ki, eyni anda 70 nəfərin istifadə etdiyi hamam keçən əsrin 30-40-cı illərində həbsxanaya çevrilib, II Dünya müharibəsi zamanı pendir sexi kimi fəaliyyət göstərib. 1958-ci ildə görülən təmir işlərindən sonra hamam 1992-ci ilə kimi yenidən əhalinin istifadəsinə verilib. “1992-ci ildən bu günə kimi hamam baxımsız və istifadəsiz qalıb. Düzdür, bir vaxt icarəyə götürüldü, amma heç bir iş görülmədi, daha da yararsız hala düşdü. Öz dövrünə görə çox gözəl hamam idi, qiyməti də münasibdi. Hər kəs bu hamamdan rahatlıqla istifadə edirdi. Mən özüm də, övladlarım da buradan istifadə etmişik. Təəssüf ki, indi istifadəsiz qalıb, təmir-bərpaya ehtiyac var. Belə hamamdan hər rayonda yoxdur, bunu qorumaq lazımdır. Bəlkə də hamam kimi istifadə olunmayacaq, amma tarixi abidə kimi mütləq bərpa edilməlidir”, – deyə o əlavə edib.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi Fariz Xəlilli də məsələyə münasibət bildirib. O deyib ki, ərazidə müəyyən tədqiqat və layihə-planlaşdırma, daha sonra isə bərpa işləri aparılacaq. Arxeoloji və bərpa işləri başa çatdıqdan sonra tarixi abidə olan hamam əvvəlki təyinatı üzrə fəaliyyət göstərəcək.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.