Qalereya kəndin yuxarı hissəsində, dağların ətəyində yerləşir və hazırda kənd ərazisində yaşayan jurnalist, fotoqraf Sənan Ələskərov tərəfindən evinin həyətində öz vəsaiti hesabına yaradılıb. Burada Sənan bəyin özünə məxsus olan unikal foto əsərləri sərgilənir. Qalereya vasitəsilə fotoqraf öz yaradıcılığı, dünyagörüşünü insanlarla paylaşır.
MEMAR.today saytı məlumatı Şəki Regional Turizm İdarəsinə istinad edərək paylaşır.
Sənan Ələskərov 12 ölkədə keçirilən 50-dən çox beynəlxalq sərgidə iştirak etmişdir. Ölkəmizlə yanaşı Gürcüstan, Fransa, Böyük Britaniya və Qazaxıstanda fərdi sərgiləri baş tutub. Foto əsərləri Photographic Library (Surrey, Böyük Britaniya); Bakı İncəsənət Mərkəzi; Müasir İncəsənət Mərkəzi (Bakı); Ars Aevi Museum of Contemporary Art (Sarayevo) və həmçinin ABŞ, Türkiyə, Rusiya, Avstriya, Böyük Britaniya, Norveç, Fransada şəxsi kolleksiyalarda saxlanılır. Sənan Ələskərov 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuş – London, Paris, Berlin, Moskva, Roma şəhərlərində keçirilən “Bakıya uçuş” adlı incəsənət layihəsinin iştirakçısı olmuşdur. Həmçinin fotoqrafın əsərləri 2007-ci və 2013-cü illərdə Venesiya Biennalesində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanmış Azərbaycan pavilyonunda nümayiş etdirilmişdir.
Fotoqalereyanın adı “Yer kürəsi, torpaq, bir nöqtə, olduğumuz yer” anlamlarının hər birini özündə əks etdirir.
Dağların ətəyində fərqli düşüncələrə dalmaq üçün çox gözəl bir məkandır.
Qalereyaya giriş ödənişsizdir, qalereyanın inkişafı və davamlılığına töhfə olaraq ianələr qəbul edilir. Həftəiçi hərgün saat 9:00-dan 19:00-a qədər açıqdır. Lakin qalereyaya səfər etməzdən öncə 051 598 26 64 nömrəsi ilə əlaqə yaratmaq xahiş olunur.
Bu haqda nə düşünürsən?