Naxçıvanın böyük yaşayış məntəqələrindən olan Babək rayonunun Nehrəm qəsəbəsi də uzun illər içməli su çatışmazlığından əziyyət çəkib. Sakinlər içməli su təminatını qarşılamaq üçün qəsəbədə olan bir neçə su quyusundan, həmçinin su maşınlarından alınan sudan istifadə ediblər. Təbii ki, bu cür su təminatını etibarlı və dayanıqlı hesab etmək olmaz.

MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bu məqsədlə yeni içməli və suvarma suyu xətləri çəkilir, mövcud xətlərin ehtiyac olan hissələrində cari təmir-bərpa işləri görülür.

Babək Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Rüstəm Rüstəmov aparılan işlər haqqında Naxçıvan bürosunun əməkdaşına məlumat verib. O bildirib ki, “Babək rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması üçün genişmiqyaslı işlərə başlanılıb. 2023-2024-cü illərdə qəsəbədə içməli su şəbəkəsi üçün 7766 metr uzunluğunda müxtəlif diametrli polietilen boru xətti çəkilərək 664 ev su şəbəkəsinə qoşulub, 2028 evə su sayğacı quraşdırılıb. Kanalizasiya şəbəkəsində diametri 100 və 150 millimetr olan 23 min 188 metr uzunluğunda kanalizasiya borusu çəkilib və 2425 ev şəbəkəyə qoşulub. Ümumilikdə, 2011-ci ildən icrasına başlanan layihədə 3 minə qədər ev su və kanalizasiya şəbəkəsinə birləşdirilib, 2320 abonentlə müqavilə bağlanılıb. Hazırda 92 evdə tamamlanma işləri görülür. Layihənin icrasında əsas məqsəd vətəndaşları davamlı və dayanıqlı içməli su ilə təmin etmək, tullantı sularının küçələrə axıdılmasının qarşısını almaq, sudan səmərəli və qənaətli istifadəyə şərait yaratmaq, bir sözlə, sakinlərin rifah halını yaxşılaşdırmaqdır.

Layihənin tikinti işlərini reallaşdıran “Arkoz İnşaat” MMC-nin mühəndisi, iş icraçısı Rövşən Həsənov isə deyib ki, şirkətin Nehrəm qəsəbəsi üzrə fəaliyyəti 2023-2024-cü illəri əhatə edir. Hazırda 4 məhəllədə iş prosesi davam edir. İşlərin tam keyfiyyətlə və tez zamanda yekunlaşması üçün ərazidə kifayət qədər işçi qüvvəsi və material ehtiyatı var.

Qəsəbə sakinləri də görülən işlərdən razı olduqlarını bildiriblər.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.