Mavi Səma üçün Təmiz Hava Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 2019-cu ildə təsis edilib və ilk dəfə 2020-ci ildə qeyd olunub.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, bu əlamətdar gün hər il sentyabrın 7-də qeyd olunur və təmiz havanın insan sağlamlığı, ekosistemlər və iqlim üçün nə qədər vacib olduğunu vurğulamaq məqsədi daşıyır. BMT Baş Assambleyasının 2019-cu il 19 dekabr tarixli Qətnaməsi (A/RES/74/212) ilə müəyyən edilmiş bu günün məqsədi dünya ölkələrinin diqqətini havanın çirklənməsi probleminə yönəltməkdir.

Bu gün münasibətilə bir çox ölkədə müxtəlif maarifləndirmə kampaniyaları, seminarlar, təbiət yürüşləri, ictimai forumlar və aksiyalar təşkil olunur. Mavi səma və təmiz hava üçün fərdlər və cəmiyyətlər tərəfindən atıla biləcək addımlar vurğulanır.

Tibb alimləri təsdiq edirlər ki, insult, xroniki tənəffüs yolları xəstəlikləri, ağciyər xərçəngi və hətta ürək-damar xəstəliklərindən insan ölümü hallarının təxminən üçdə biri atmosferin çirklənmiş vəziyyəti ilə bağlıdır.

İnsan fəaliyyəti prosesində atmosferə bərk hissəciklərin və qazların atılması iqlim sferasında qlobal dəyişikliklərlə nəticələnməklə yanaşı, insan sağlamlığına birbaşa mənfi təsir göstərir. BMT-nin məlumatına görə, dünya ərazisinin 99 faizi havanın çirklənməsindən təsirlənir. Bunun da hər il 6,5 milyon insanın vaxtından əvvəl ölümünə yol açdığı təxmin edilir.

Hər kəs Mavi Səma üçün Təmiz Hava Günündə hava keyfiyyətinin yaxşılaşdırılmasına töhfə verə, piyada yürüş, velosiped sürmək, ictimai nəqliyyatdan, elektrik avtomobillərdən istifadə və enerjiyə qənaət etmək kimi addımlarla dəstəyini göstərə bilər.

Qeyd edək ki, Mavi Səma üçün Təmiz Hava Günü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Abşeron və Şirvan milli parklarında “Açıq qapı” günü elan edilib. Hər kəs Şirvan Milli parkında flaminqoları müşahidə edə, Abşeron Milli Parkında isə xüsusi interaktiv və maraqlı tədbirə qoşulmaqla günü yaddaqalan edə bilər.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.