Prezidentin yeni fərmanına əsasən 2024–2025-ci tədris ilindən başlayaraq hərbi məktəblərdə təhsil alan və məzun olandan sonra 5 il hərbi xidmət keçmiş hərbi qulluqçuların güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstəriləcək.
MEMAR.today saytı xəbər verir ki, sentyabrın 7-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsi QAYDASI” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Fərmanı ilə təsdiq olunub.
Bu Qayda “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 dekabr tarixli 2381 nömrəli Fərmanının 7.3-cü bəndinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyindəki Heydər Əliyev adına Hərbi İnstitutun bakalavriat səviyyəsində, o cümlədən bakalavriat səviyyəsinin hazırlıq kursunda, Bakı Hərbi Kollecində, Gəncə Hərbi Kollecində və Naxçıvan Hərbi Kollecində (bundan sonra – xüsusi təyinatlı təhsil müəssisələri) təhsil almış hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstərilməsinə dair tələbləri və digər təşkilati məsələləri müəyyən edir.
Bu Qaydanın müddəaları 2024–2025-ci tədris ilindən başlayaraq dövlətlərarası müqavilə əsasında xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) təqvim ili zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçən Azərbaycan Respublikasının vətəndaşları olan hərbi qulluqçulara da şamil edilir.
Kimlər müraciət edə bilər?
2024–2025-ci tədris ilindən başlayaraq yuxarıda qeyd olunmuş hərbi məktəblərin birində təhsil alan və məzun olduqdan sonra Azərbaycan Ordusunda 5 (beş) il zabit və ya gizir (miçman) kimi həqiqi hərbi xidmət keçmiş hərbi qulluqçular
Maliyyə dəstəyi nə qədərdir?
Güzəştli ipoteka kreditindən istifadə edən hərbi məktəbin məzunları ilkin ödəniş edərkən satın alınan yaşayış sahəsinin alqı-satqı müqaviləsi üzrə qiymətinin 15 faizinə qədər hissəsi həcmində dövlətdən dəstək ala bilər. Bundan başqa, güzəştli ipoteka kreditlərinin aylıq ödənişlərinə isə dövlət tərəfindən 50 faiz həcmində maliyyə dəstəyi göstərilir. Lakin bunun üçün güzəştli ipoteka kreditinin müddəti 15 (on beş) ildən az olmamalıdır.
Nə vaxt müraciət etmək olar?
Nəticə olaraq deyə bilərik ki, yeni tədris ilində hərbi kolleclərdən birinə qəbul olmuş bir gənc nəzərdə tutsaq bu qaydalarla dövlət dəstəyinə 2030-cu ildən başlayaraq müraciət edə bilər.
Bu haqda nə düşünürsən?