Tullantıların idarə edilməsi ilə bağlı strateji sənəd hazırlanır. Bu sənədin icrası əvvəlcə Abşeronda, sonra isə mərhələli şəkildə digər yerlərdə həyata keçiriləcək.
MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, təkcə Bakı şəhərində məişət tullantılarının idarə olunmasına deyil, həm də regionlarda olan təhlükəli tullantılarla mübarizəyə də diqqət ayrılır: “Bu siyahıya tibbi tullantıların idarəsi də aiddir. Sovet dövründən qalan tibb müəssisələri tibbi tullantıların çoxalmasına səbəb olurdu. Monitorinqlərimiz nəticəsində həmin tullantıların təhlükəlilik dərəcəsi ölçülüb və müvafiq addımlar atılıb”. Tibbi tullantıların idarə olunması məsələsinin də gündəmdə olduğunu bildirən M.Nəbiyev bu sahənin lisenziya əsasında fəaliyyət göstərdiyini qeyd edərək, hazırda tibb müəssisələrində tibbi tullantıların çeşidlənməsi məsələsi ilə bağlı işlərin aparıldığını da diqqətə çatdırıb.
Sektor müdiri işğaldan azad edilmiş ərazilərlə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirərək qeyd edib ki, ölkə ərazisində tullantıların idarə edilməsi ilə bağlı müəyyən tapşırıqlar verilib. Onun sözlərinə görə, həmin ərazilərdə bərpa və quruculuq işləri aparılır və bu da təbii olaraq tullantılarla bağlı müəyyən problemlər yaradır. Ekologiyaya və təbiətə ziyan vurulmaması məqsədilə Qarabağ və Şərqi Zəngəzurda tullantıların idarə edilməsi prosesi ”Təmiz Şəhər” ASC-yə həvalə edilib. Tullantıların zərərsizləşdirilməsi, toplanması, daşınması məsələsinə özəl sektorun da yetərincə marağı var.
Bu haqda nə düşünürsən?