Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması tikinti materiallarına tələbatın yüksəlməsinə səbəb olub.
MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, bunu “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.
O vurğulayıb ki, tikinti materiallarında qiymət artımı təkcə inflyasiya və ya hər hansı bir məhsulun bahalaşmasının digərinə təsiri ilə bağlı deyil:
“İqtisadiyyatı böyüyən dövlətlərdə daşınmaz əmlakın, ümumiyyətlə xərclərin və məhsulların qiymətinin artması təbii haldır. Azərbaycanın azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması da tikinti materiallarına tələbatın yüksəlməsi ilə nəticələnib. Yəni hazırda digər regionlarda, həmçinin paytaxt Bakıda olan qurğular və texnikalar azad edilmiş ərazilərə daşınır. Üstəlik, həmin ərazilərdəki işlər üçün yeni texnikalar alınır. Təbii ki, bunlar tikintinin daha da geniş vüsət alması ilə nəticələnir. Bu da tikinti materiallarının qiymətlərinə təsir göstərən amillərdən biridir”.
R.İsayevin sözlərinə görə, tikinti materiallarının bahalaşmasının hazırkı səbəbi yanacağın və daşınma xərclərinin artması ilə bağlıdır:
“Daşımalarda artan xərclər tikinti materiallarının da qiymətlərinin qalxmasına səbəb olub. Daşınma xərclərinin artmasına isə əsas səbəb odur ki, əvvəllər yük maşınları istənilən qədər yüklənirdi. İndi isə elektron radarlar quraşdırılıb və bununla bağlı konkret tənzimləmə mövcuddur. Məsələn, əvvəl bir maşında bir dəfəyə 45-50 ton yük daşınırdısa, indi bu göstərici 25-30 tona bərabərdir. Göründüyü kimi, daşıma qabiliyyəti iki dəfə aşağı düşüb. Bu da o deməkdir ki, yükdaşımanın qiyməti iki dəfə artıb. Materialların xüsusiyyətindən asılı olaraq onların daşıma xərclərində də qiymət artımı 25-30 % təşkil edir”.
Assosiasiya sədri əlavə edib ki, tikinti materiallarının qiymətində artım növlərindən asılı olaraq 5-7 %, hətta 10-15 % civarındadır:
“Əsas tikinti materiallarının artımı isə təxminən 15 %-dir. Güman ki, bu proses digər köməkçi inşaat materiallarına da təsir göstərəcək. Bahalaşan tikinti materiallarının əksəriyyətini inşaatda ilkin istifadə edilən materiallar təşkil edir. Hazırda taxta bazarında qiymətlərin artması müşahidə olunur. 18 mm-lik diktlər 33–34 manata, 17 mm-lik diktlər isə 32–33 manata satılır. Yanvardan bəri bu taxta məhsullarının qiyməti 10 manata yaxın artıb. Mişar daşı və sementin qiymətində artım müşahidə olunur”.
Assosiasiya sədri: “Rusiyaya qarşı sanksiyalar tikinti bazarına təsir edir”
Azərbaycanın tikinti bazarı Rusiyanın tikinti bazarı ilə əlaqəli fəaliyyət göstərdiyi üçün qonşu ölkəyə qarşı tətbiq edilən sanksiyalardan irəli gələn qiymət artımı və digər fəsadlar bizim ölkədən də yan keçmir.
Bunu “Report”a açıqlamasında “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İctimai Birliyinin sədri Ramiz İsayev bildirib.
“İki ölkə bir-biri ilə bağlıdır. Odur ki, bir ölkədə qeydə alınan qiymət artımı və yaxud logistika problemi digər ölkəyə təsir edir. Baxmayaraq ki, Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı da kifayət qədər çoxdur. Məsələn, santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir. Rusiyadan isə əsasən dəmir məmulatları, taxta və digər materiallar idxal olunur. Bununla yanaşı Azərbaycana Qazaxıstan, Belarus, Ukrayna və digər bir sıra ölkələrdən də tikinti materialları tədarük edilir”.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əsas kapitala 9 milyard 438,7 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2 % çox investisiya yönəldilib. Bunun da 6 milyard 632,7 milyon manatı və ya 70,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Bunun 8 milyard 90,5 milyon manatı və ya 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Hesabat dövründə ölkədə 779,7 milyon manatlıq tikinti materialları istehsalı olunub ki, bu da illik müqayisədə 30,2 % çoxdur. Son 1 ildə sement, betondan kərpiclər və oxşar məmulatların istehsalı 2,3 dəfə, asfalt istehsalı 56,2 %, beton istehsalı 31,9 %, betondan yığma tikinti konstruksiyalarının istehsalı 25,6 %, sement istehsalı 12,8 %, tikinti gipsinin istehsalı isə 10,4 % artıb.
Bu haqda nə düşünürsən?