Təməlqoyma mərasimindən sonra sosial şəbəkələrdə “İmarət” stadionunun layihə görüntüləri yayılıb.

MEMAR.today saytı xəbər verir ki, “İmarət” stadionunun təməli sentyabrın 19-da Ağdam şəhərində prezident İlham Əliyev tərəfindən qoyulub.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb. Stadionun memarlıq-dizayn həlli “Design Bureau” memarlıq şirkəti və “ARCHIA” dizayn studiyasına aiddir.

“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq. Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.

Hazırda Qarabağ FK-nın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. İnşaat işləri başa çatdıqdan sonra stadion “Qarabağ”ın oyunlarına ev sahibliyi edəcək.

Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.

Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. 

MEMAR.today saytı stadionun layihəsini oxuculara təqdim edir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.