Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhərində “Qarabağ gecəsi – Şuşa” adlı xeyriyyə konserti keçirilib.

MEMAR.today saytı “AZƏRTAC“a istinad edərək xəbər verir ki, QDF-in mətbuat xidmətindən verilən məlumata görə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan xeyriyyə konsertində dövlət rəsmiləri, Fondun donor və tərəfdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri və Şuşa sakinləri iştirak ediblər. Konsertin gedişində Qarabağ Dirçəliş Fondu tərəfindən “YAMAHA” istehsalı olan royal Şuşa şəhərinə hədiyyə edilib.

Tədbirdə çıxış edən QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev artıq ənənə halını alan “Qarabağ gecəsi” xeyriyyə konsertinin doğma Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək məqsədilə həyata keçirildiyini deyib: “Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə nəticəsində işğaldan azad edilən ərazilərdə hazırda irimiqyaslı tikinti-quruculuq işləri aparılır.

Xeyriyyə konserti artıq üç dəfə Bakı və Gəncə şəhərlərində keçirilib. Məhz onun keçirilməsindən əldə edilən ianələr hesabına alınan bu gözəl musiqi aləti Şuşa şəhərinə hədiyyə edilib”.

Xeyriyyə konsertlərinin maestro Fərhad Bədəlbəylinin təşəbbüsü ilə keçirildiyini xatırladan R.Hacıyev Şuşa şəhərinə hədiyyə olunan royalın Şuşanın əvvəlki musiqi şöhrətini özünə qaytarmasına töhfə verəcəyindən əminliyini ifadə edib.

Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fərhad Bədəlbəyli çıxış edərək “Qarabağ gecəsi” xeyriyyə konserti ilə bağlı fikirlərini bölüşüb, onun işğaldan azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasına verdiyi töhfəni xüsusi olaraq vurğulayıb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib. Xalq artistləri Fərhad Bədəlbəyli və dünyaşöhrətli tenor Yusif Eyvazov, solistlər Yeganə Axundova (piano), Gülnaz İsmayılova (soprano), Mahir Tağızadə (bariton), Nəzrin Aslanlı (violin), Qəmər Kərimli (violin), eləcə də Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri bir saatdan artıq davam edən konsert zamanı qonaqlara əsl musiqi ziyafəti yaşadıblar.

Dünyaşöhrətli tenor Yusif Eyvazov Azərbaycan klassik musiqisi ilə yanaşı, İtaliya klassik musiqisini, o cümlədən Neapol mahnılarını böyük məharətlə ifa edib.

Eyni zamanda, maestro Fərhad Bədəlbəylinin bəstələdiyi “Dəniz” kompozisiyası və “Ave Maria” əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertdən sonra Şuşa şəhər sakini, filologiya elmləri doktoru İlhami Cəfərsoylu çıxış edərək işğaldan azad edilmiş ərazilərin, o cümlədən Şuşa şəhərinin bərpasına verdikləri töhfəyə görə konsertin bütün təşkilatçılarına dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu tərəfindən Qarabağın dirçəlişinə ianələrin cəlb edilməsi, bu sahədə aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi məqsədilə təşkil olunan “Qarabağ gecəsi” xeyriyyə konsertinin keçirilməsi fondun müxtəlif illərdə korporativ donorları, o cümlədən “Avrora Qrup”, “İtaldizayn” QSC, Veysəloğlu Şirkətlər Qrupu, “Azərlotereya” ASC və “Reform Group” MMC-nin dəstəyi ilə təşkil olunub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.