Oktyabrın 1-i Azərbaycanda “Sıfır emissiyalı yükdaşımalar üzrə bəyannamə” imzalanıb.
MEMAR.today saytı “Report”a istinad edərək xəbər verir ki, imzalanma mərasimi Bakı İqlim Fəaliyyəti Həftəsinin 2-ci günündə təşkil edilmiş “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat” mövzusunda dəyirmi masa çərçivəsində baş tutub.
Bəyannaməni dəyirmi masada iştirak edən şirkətlər imzalayıb və sıfır emissiya öhdəliyinə qoşulduqlarını bəyan ediblər.
Dəyirmi masada “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov da iştirak edib.
Müəssisənin sədri 2023-cü ildə Azərbaycanın dəmir yollarında karbon emissiyalarını 9 % azaldıldığını deyib.
“Ölkə olaraq 2050-ci ilə qədər karbon emissiyalarını 40 % azaltmaq öhdəliyimiz var. Bu məqsədlə müəyyən əməli addımlar atılır. Gəncə və Bakıda yeni anbarların istifadəyə verilməsi buna nümunədir”, – deyə o qeyd edib.
“Bu il ilk davamlılıq hesabatımızı dərc edəcəyik. Bu hesabat nəqliyyat sektorunda dəmir yolu ilə bağlı öhdəliyimizə sadiqliyimizi nümayiş etdirəcək”, – deyə R.Rüstəmov əlavə edib.
Tədbirdə həmçinin rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov da iştirak edib.
O, gələn ay Bakıda 160 yeni elektrik mühərrikli avtobusun istifadəyə verilməsini bir başlanğıc adlandırıb və növbəti illərdə bu rəqəmin əhəmiyyətli dərəcədə artırılacağını qeyd edib.
O bildirib ki, mobilliyi təkmilləşdirmək üçün icrasına başlanılmış mobilliyin transformasiyası proqramı çərçivəsində əhatəli, dayanıqlı nəqliyyat sisteminin qurulmasına diqqət yetirilir: “Ən iddialı layihələrdən biri ictimai nəqliyyatın elektrikləşdirilməsidir. Biz ekoloji davamlılığı artırmaq üçün rəqəmsal həlləri nəqliyyat marşrutlarına inteqrasiya etmək yollarını araşdırırıq. Bu yolla tranzit müddətləri qısalacaq və istixana qazı emissiyaları azalacaq. Milli səviyyədə nəqliyyat sektorunda islahatlar aparırıq, nəqliyyat sıxlığını aradan qaldırırıq, yol təhlükəsizliyini yaxşılaşdırır və ətraf mühitə təsirləri azaldırıq”.
Bu haqda nə düşünürsən?