Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
MEMAR.today saytı “AZƏRTAC”a istinad edərək xəbər verir ki, komitə sədri Siyavuş Novruzov iclasda üç məsələnin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.
İclasda qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bu Qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur.
S.Novruzov yuxarıda göstərilənlərlə əlaqədar olaraq iki sənədin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin hazırlandığını söyləyib. O bildirib ki, bu qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.
İclasda, habelə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda nəzərdən keçirilib. Bildirilib ki, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunan sənəddə bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Müzakirələr zamanı deputatlar və Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov çıxış edərək təqdim edilən məsələlər barədə öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar, ölkəmizdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətindən bəhs ediblər.
Müzakirələrin sonunda hər üç qanun layihəsi Milli Məclisin iclasına tövsiyə olunub.
Bu haqda nə düşünürsən?