Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti Bakının Yasamal rayonunun Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə münasibət bildirib.
Məlumatda deyilir ki, 2024-cü ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə aşkar edilib.
Bildirilib ki, özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.
Hal-hazırda Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri tamamilə dayandırılıb və ərazi ciddi nəzarətə götürülüb.
Qeyd edək ki, bugün sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
İddiaya görə, Bakının Yasamal rayonu, 1-ci Alatava qəsəbəsində sakinlərə xəbərdarlıq edilmədən söküntü işlərinə start verilib. Sakinlərin sözlərinə görə, onlar evdə olduqları halda söküntü işləri başlayıb. Etirazlara baxmayaraq, söküntü işlərini aparan işçilər buna məhəl qoymayıblar. İddialara əsasən, söküntünü “Melissa” tikinti şirkəti həyata keçirir.
Bildirilib ki, ərazidə tikinti şirkətlərindən biri tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib. Hadisə zamanı xəsarət alanların olduğu da iddia edilib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, məsələ ilə bağlı ərazi polis orqanına müraciətlər daxil olub. Araşdırma aparılır.
MEMAR.today saytı sosial şəbəkələrdə qalmaqala səbəb olan həmin görüntüləri Instagram hesabında dərc edib.
Bu haqda nə düşünürsən?