Bakı şəhəri, Sabunçu rayonu ərazisində su dolmuş tunelin inşasını hansı şirkət görüb?

MEMAR.today saytı xəbər verir ki, sənətşünaslıq üzrə elmlər doktoru, memar Elçin Əliyev bugün iki nəfərin boğularaq həyatını itirməsinə səbəb olan tunelin 2020-ci ilə aid videosunu paylaşıb və bu işləri görən və təhvil alan şəxslərin kimliyini sorğulayıb.

İctimai Televiziyanın 14 mart 2020-ci il tarixli reportajında Sabunçu və Keşlə tunellərinin açılışından bəhs olunur. Məlumata görə Sabunçudakı tunelinin uzunluğu 288 m, hündürlüyü 5.5 m, eni isə 13.5 m-dir. Qapalı hissənin uzunluğu 68 metrdir. Burada avtomobillərlə yanaşı piyadaların hərəkəti üçün səki də salınıb. Bu isə piyadaların da tuneldən keçid kimi istifadə edə bilməsinə imkan verir. Tikintisi tamamlanan digər tunel isə Keşlə Dəmiryolu Stansiyasının yaxınlığında Mirzə Ələkbər Sabir küçəsində inşa edilib. Tunelin uzunluğu 208 m, eni 14 m, hündürlüyü isə 5.25 m-dir. Qapalı hissənin uzunluğu 48 m-dir.

İnşaat işlərinin tamamlanmasına həsr olunmuş açılış mərasimində «Azərbaycan Dəmir Yolları» QSC-nin sədr müavini Zaman Novruzovun videoda nitq söylədiyi əks olunur. Bu görüntüləri şərh edən memarın fikrinə görə tunellərin çəkilişi ilə bağlı işləri qəbul edənlərdən biri də məhz Zaman Novruzov olmuşdur. Bunun ardınca memar aşağıdakı sualları verib: “O, cinayətcəsinə fırtına drenajının tamamilə mövcud olmadığını bilirdimi? Əgər bilirdisə, bəs niyə işi qəbul etdi? Əgər bilmirdisə, niyə hələ də sənayeyə rəhbərlik edir?”

“Tunellərin inşası üzərində hansı şirkət iş görüb və sahibləri kimdir? Yüksək hökumət rəsmilərindən kim keyfiyyətsiz və yarımçıq işi qəbul etmək üçün məsuliyyət daşıyacaq və cəzalandırılacaqmı?

Bugünkü vəziyyətdə dövlət orqanlarının sükutu artıq izah edilə bilməz və mümkün deyil! Korrupsiya dövlətin mövcudluğunu təhdid edir!”

MEMAR.today saytı Elçin Əliyevin həmin paylaşımı oxuculara təqdim edir. Məzmun içərisində ifadə olunan fikirlər saytın mövqeyini əks etdirmir.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.