“Büro Mühit” memarlıq şirkəti 4-8 noyabrda Qahirə şəhərində baş tutacaq Ümumdünya Şəhər Forumunun 12-ci sessiyasında iştirak edəcək. Onların tədbir çərçivəsində təşkil olunmuş bir-neçə paneldə çıxışı nəzərdə tutulur.

MEMAR.today xəbər verir ki, bu barədə məlumat şirkətin sosial şəbəkə hesabında elan olunub.

Məlumata görə noyabrın 5-də Forum çərçivəsində “Multicultural creative clusters as a tool for social inclusion and partnership in the urban environment” (“Multikultural yaradıcı klasterlər şəhər mühitində sosial inklüzivlik və tərəfdaşlıq vasitəsi kimi”) adlı sessiya keçiriləcək. Sessiya iştirakçıları kreativ klasterlərin yaradılması və idarə olunması üzrə tədqiqat və təcrübələrini təqdim edəcəklər, həmçinin yaradıcı klasterlərin insan kapitalının, multikulturalizmin, icmaların və bütövlükdə şəhər mühitinin inkişafına necə təsir etdiyini müzakirə edəcəklər. O cümlədən, forumda ilk dəfə olaraq Yaradıcı klasterlər atlası təqdim ediləcək, ərazilərin master planları vasitəsilə şəhərlərdə klaster siyasətinin insan inkişafı indeksinə təsiri, müəlliflər və idarəçilər tərəfindən MDB ölkələrində kreativ klasterlərin yaradılması təcrübəsi danışılacaq. “Büro Mühit” adından sessiyada həmtəsisçi Rəsul Rzalı çıxış edəcək, bu mövzuda apardığımız tədqiqat və layihə təcrübələri ilə bölüşəcək.

Şirkəti təmsil edən digər həmtəsisçi Toğrul Bayramov noyabrın 7-də Forum çərçivəsində keçiriləcək “Genius Loci – How Community Mapping Puts People at the Heart of Heritage Districts in Asia” (“Asiyada icman xəritələşdirməsi insanları tarixi məhəllələrin mərkəzinə necə qoyur?”) adlı vörkşopda panelist kimi iştirak edəcək. Bu təlim tədbiri praktiki məşq vasitəsilə iştirakçıları “İcma xəritələşdirməsi və Hekayə nəqli” metodologiyası ilə tanış edir və onun planlaşdırma və ya regenerasiya prosesində necə istifadə oluna biləcəyini göstərir. Azərbaycandan digər panelist Saleha Kərimova tədbirdə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adından iştirak edəcək. Onlar birlikdə Bakının İçərişəhər ərazisinə uyğun hazırladıqları xəritələşdirmə oyununu idarə edəcək. Əldə edilmiş bütün nəticələr 2026-cı ildə Bakıda keçiriləcək WUF13 tədbirində təqdim olunacaq.

Qeyd edək ki, World Urban Forum UN-Habitat tərəfindən çağırılan dayanıqlı urbanizasiya və şəhərlər üzrə ən əsas qlobal konfransdır. WUF 2001-ci ildə dünyanın üzləşdiyi ən aktual problemlərdən birini – sürətli urbanizasiya və onun icmalara, şəhərlərə, iqtisadiyyata, iqlimə və siyasətə təsirini öyrənmək üçün BMT tərəfindən yaradılmışdır. Hamı üçün açıq olan forum minlərlə iştirakçıya, milli hökumətlərə, merlərə, regional qubernatorlara, BMT sisteminin nümayəndələrinə, akademik çevrələrə, vətəndaş cəmiyyətinə, özəl sektora və urbanizasiyanın bütün aspektləri ilə əlaqəsi olan digər şəxslərə şəhərlərin necə salınması, planlaşdırılması və idarə edilməsi barədə təcrübə və bilikləri bölüşmək imkanı verir. 2026-cı ildə növbəti WUF13 Bakı şəhərində keçiriləcək.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.