14 may (MEMAR.TODAY) – Saytın editoru Üzeyir Abbas yeni yazdığı hekayə ilə son aylar Bakıda başladılan söküntü işlərini alleqorik bir üslubda təsvir edib.
Bakı şəhərində bir vaxtlar yaşı 100 ildən artıq olan tarixi binalar, məscidlər, içməli su quyuları, hamamlar və Azərbaycanın tanınmış ziyalılarının yaşadığı evlərin olduğu məhəllə vardı. Bu məhəllənin “Köhnə Şərait” adlı bir yaşlı sakini də var idi. Bütün qonşular ondan bezmişdilər amma yenə də burada yaşamağa davam edirdilər. Çünki “Köhnə Şərait” bəzən qonşulara keçmişdən əhvalat danışır onları uşaqlıq xatirələrinə aparırdı.
Günlərin birində qonşular evlərinin divarını qəribə işarələrlə qara rəngdə boyanmış şəkildə gördülər. Ertəsi gün isə hər bir qapının üstünə yazı yapışdırılmış kağız tapdılar. Bu bir məktub idi. Məktubda bunları edənin “Rahat Şərait” olduğu yazılmışdı. Haqqında çox şey eşitmişdilər. Lakin onu görən olmamışdı. Məktubda Rahat Şərait qonşuları uzaq bir yerə danışığa dəvət etmişdi. Hərçənd, getdikləri yol və çatdıqları məkan onlara heç də rahat gəlməmişdi.
Rahat Şərait hamını bura köçürmək üçün qonşuları dilə tutmağa çalışdı. Evlərinin yerində park salınacağını deyib söz verdi ki, əgər razılaşsalar hər kəs istədiyi vaxt gəlib onu parkda görə bilər. Qonşular onun bu sözündən şübhələndilər. Hamı bilirdi ki, əsl Rahat Şərait insanların evində olmalıdır. Onun üçün evdən çıxıb başqa yerə getmək lazım deyil.
Xəyalları puç olmuş qonşular bu məsələ haqqında bir də Köhnə Şəraitin fikrini öyrənmək istədilər. Bu minvalla axşamüstü bir neçə qonşu yavaş-yavaş Köhnə Şəraitin evinə yollandı. Qapının zəngi basıldı. İçəridən hamının tanıdığı o mülayim səs “gəlirəm” deyəndən sonra qapı açıldı.
– “Buyurun, əzizlərim, mən bilirdim ki, gələcəksiniz.”
Köhnə Şərait televizoru söndürüb gələn qonaqlara oturmaq üçün yer göstərdi. Qonşular yerlərini aldılar və susaraq onu dinləməyə başladılar.
“Deməli, o gəlib, hə?” – Köhnə Şərait dərin bir nəfəs aldı. – “O özünü Rahat Şərait kimi təqdim edir, amma əslində Yeni Şəraitdir. O, uzun zaman sonra bizim tərəfə təzədən qayıdıb.”
Qonşulardan biri çarəsiz səs tonu ilə dilləndi:
– “Bəs axı biz nə edək? Bu ərazi artıq plana düşüb. Deyirlər ki, evlər söküləcək. Bir yandan baxanda yaxşıdır ki, park salınacaq. Digər tərəfdən isə bu evlər bizim babalarımızdan qalıb.”
Köhnə Şərait ayağa qalxıb pəncərəyə yaxınlaşdı. Küçədə ağır texnikaların kölgələri uzanırdı. Onların arxasında bir şey vardı — üfüqdə dalğalanan, yaşıl rəngdə çoxlu qolları olan nəhəng bir varlıq. Sanki parıldayan qırmızı gözlər düz pəncərəyə baxırdı.
– “Mərkəzi Park” – Köhnə Şərait pıçıltı ilə dedi.
Bu haqda nə düşünürsən?