26 may (MEMAR.TODAY) – Bakının Bayırşəhər adlanan ərazisində aylar öncə mərkəzi hökumət tərəfindən başladılan iri miqyaslı söküntü planı tarixi binalara həssaslıqla yanaşan bəzi memarların narahatlığına səbəb olub. Söküntünün başlanacağı haqqında xəbərin yayılmasından artıq tam 2 ay keçib. Keçən bu müddət ərzində şəhərin müxtəlif nöqtələrində başlayan söküntü prosesi sakinlərin narazılığı ilə müşahidə olunub.
Memarın təhlilinə keçməzdən əvvəl mayın 19-da “Bakının Mənzil Fondunun İnkişafında Yeni Gözləntilər” mövzusunda konfransın keçirilməsi təsadüfmüdür, gəlin əvvəlcə bu suala cavab tapaq.
Konfransda çıxış edən “Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası” İcimai Birliyinin sədri Ramiz İsayev köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin sistemli şəkildə aradan qaldırılması məqsədilə təkliflər paketinin hazırlandığını bildirib. Məlumata görə bu sahədə yaranan problemlərin biri məhz təzminatla bağlıdır. Özəl sektoru təmsil edən təşkilatın sədri təkliflər paketinin detallarından danışarkən mülkiyyətçilərin əmlakları əvəzinə veriləcək sahənin ölçüsünün Şəhərsalma və Tikinti Məcəlləsinə əlavə ediləcək maddə ilə tənzimlənməli olduğunu qeyd edib. Təklif olunur ki, Nazirlər Kabineti tərəfindən isə kompensasiya məbləği müəyyən müəyyən edilməli və onu lazım gəldikdə çevik şəkildə dəyişdirilə bilməlidir.
Görünən odur ki, yaşayıb böyüdükləri məhəllənin tarixi görkəmi yerli memarlar kimi çox az sayda sakini maraqlandırır. Yoxsa kompensasiyanın razılaşdırılması konfransın yeganə müzakirə mövzusu olmazdı.
Memar Abdul Hüseynovun yeni yazısında isə öyrənirik ki, bu tarixi məhəlləyə qarşı “elan olunmamış müharibə” təkcə hüquqi müstəvidə deyil, həm də dolayı yollarla həyata keçirilir. Məsələni şəxsi müşahidələri ilə təhlil edən memarın sosial şəbəkədə paylaşdığı yazısını MEMAR.TODAY oxuculara təqdim edir.
L.Tolstoy küçəsi, 89 ünvanında yerləşən yaşayış binasının söküntüsü dayandırılıb, amma hesab edirəm ki, bu, müvəqqəti haldır. Ev Bakı 2040-ın baş planının sənədində qeyd olunan “Xüsusi Mühafizə Zonası” statusuna malik ərazidə yerləşir. Bu ev öz tarixi əhəmiyyətindən əlavə, 120 ildən əvvəl yaranmış küçənin ansambl quruluşunun tərkib hissəsidir.
“Xüsusi mühafizə zonası” statusuna malik ərazidə parkın yaradılması ilə bağlı məlumatlar da tez-tez xatırlanır. Nəzərinizə çatdırım ki, baş planda bu konkret ərazidə parkın yaradılması nəzərdə tutulmayıb. İki çoxmərtəbəli binadan ibarət parkı necə təsəvvür edirsiniz? Bu tarixi ərazidə nəyisə sökmək lazımdırsa, bu, 19-cu əsrin yaşayış binaları deyil, həmin iki çoxmərtəbəli binadır.
Bir müddət əvvəl söküntü ilə bağlı oxşar vəziyyət L. və M. Rostropoviç küçəsində yerləşən evnən olmuşdu, burada da sakinlər çıxarıldı və söküntüyə başlanıldı və bu tarixi binanınsöküntüsüdə dayandırıldı.
Qeyd edək ki, artıq memarlıq abidələri, eləcə də tarixi irs üçün sökülmə alqoritmi hazırlanıb (bu, dövlət reyestrinə daxil olmayan, lakin dəyəri olan tikililərə də aiddir):
1) Sakinlərin mənzilləri bir qrup rieltor tərəfindən alınması və sonra digər təşkilatlara satılması
2) Binanın qəza vəziyyətinə gətirilməsi
3) Yeni mülkiyyətçinin öz hesabına binanın qəzalı vəziyyətinə dair rəy almaq üçün müraciəti;
4) Dərhal sökülməsi
5) Bina sökülür, torpaq sahəsi tam mülkiyyətçinin sərəncamında qalır
Qeyd edək ki, qəzalı vəziyyətə gətirilən və ya bu vəziyyətə yaxın olan binalar onların daha da qorunub saxlanılması məqsədi ilə təmir edilmir və yenidən qurulmur. Evlərin dağıdılması davam edir.#BakıDANIŞIR!

Bu haqda nə düşünürsən?