
29 may (MEMAR.TODAY) – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Assamblesyasının İkinci Sessiyası ilə bağlı Keniyanın paytaxtı Nayrobi şəhərində səfərdədir.
29-30 may tarixlərində keçirilən Sessiyada “UN-Habitat”ın 2026-2029-cu illər üzrə Strateji Planı ilə yanaşı, rəqəmsal texnologiyaların sosial rifah naminə tətbiqini təşviq edən “İnsanyönümlü ağıllı şəhərlər” üzrə beynəlxalq təlimatın qəbul olunması nəzərdə tutulur. Tədbir zamanı həmçinin mənzil təminatı məsələsinə həsr olunmuş “Hər kəs üçün layiqli mənzil” (“Adequate Housing for All”) mövzusunda yüksək səviyyəli dialoq və UN-Habitat Assambleyasının İcraiyyə Şurasına seçkilərin keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Komitə sədri, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev bir sıra rəsmi görüşlərdə iştirak edir. 2026-cı ildə ölkəmizdə keçiriləcək WUF13 ilə bağlı hazırlıq məsələləri, Forumda iştirak və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə UN-Habitat-ın icraçı direktoru, eləcə də bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirilir.
Həmçinin tədbirdə Azərbaycan stendi də yer alır. Stenddə WUF13 çərçivəsində gələcəyin şəhərlərinə dair nəzərdə tutulan planlar və müasir şəhərsalma prinsipləri ziyarətçilərə çatdırılır.
Sessiya çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə” mövzusunda xüsusi tədbir təşkil olunub

İtaliya Respublikasının təşəbbüsü ilə keçirilən tədbirin əsas məqsədi DİM-lərin lokallaşdırılmasına dair qətnamənin icrası istiqamətində milli səviyyədə dayanıqlı inkişafın təmin olunması və çevik transformasiyaların həyata keçirilməsi üçün çoxsəviyyəli idarəetmə, potensialın artırılması və innovativ tərəfdaşlıqların vacibliyini vurğulamaqdır. Həmçinin tədbir UN-Habitatın 2026–2029-cu illəri əhatə edən yeni Strateji Planının icrası üçün üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Tədbir çərçivəsində 2024-cü ildə istifadəyə verilmiş “DİM-lərin Lokallaşdırılması üzrə Tərəfdaşlıq Platforması” təqdim olunub.
Anar Quliyev UN-HABITAT-ın icraçı direktoru xanım Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının digər üzvləri ilə görüşüb

Komitə sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının Nayrobidə keçirilən ikinci sessiyasının davamı çərçivəsində UN-HABITAT-ın icraçı direktoru xanım Anaklaudiya Rosbax və Bakı Davamlılıq Koalisiyasının digər üzvləri ilə görüş keçirib.
Görüşdə Koalisiyanın COP29-un işə başladığı vaxtdan bəri əldə etdiyi irəliləyişlər vurğulanıb. Xüsusilə, “Davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları” (MAP) təşəbbüsü üzrə artan beynəlxalq dəstəyi qeyd edilib. Belə ki, MAP təşəbbüsü artıq 200-dən çox tərəfdaş, o cümlədən 54 milli hökumət, 100-dən çox şəhər və bir sıra beynəlxalq və regional təşkilatlar tərəfindən təsdiqlənmişdir.
Həmçinin Bakı Davamlılıq Koalisiyasının irəliləyişinə dair növbəti addımlar da müzakirə edilib. Əsas prioritetlər Koalisiyanın fəaliyyətinin institusionallaşdırılması, tərəfdaşlar şəbəkəsinin genişləndirilməsi və əsas beynəlxalq platformalara — COP30 və WUF13-ə fəal hazırlıqdan ibarətdir.
Komitə sədri Anar Quliyev Malayziyanın Mənzil təminatı və yerli hökumət naziri Nqa Kor Minq ilə olduqca maraqlı görüş keçirib

Görüşdə davamlı və yaşanabilən şəhərlərin qurulması, ekoloji yanaşmaların tətbiqi, müasir şəhərsalma texnologiyaları və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparıblar.
Sonda Anar Quliyev Malayziya nümayəndə heyətini 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunda iştirak etmək üçün dəvət edib.
Komitə sədri Anar Quliyevin Nayrobi şəhərindəki növbəti görüşü Çin Xalq Respublikasının Mənzil və şəhər-kənd inkişafı nazirinin müavini cənab Jianquo Donq ilə baş tutub

Dayanıqlı şəhərsalma, “ağıllı” şəhər konsepsiyaları və ekoloji cəhətdən təmiz şəhərlərə dair əməkdaşlıq imkanları müzakirə edilib.
Görüş zamanı həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çinə son rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi, davamlı şəhər inkişafı sahəsində sıx əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanların yaradılmasına verdiyi töhfə xüsusi vurğulanıb.
Eyni zamanda Komitə sədri çinli həmkarlarını bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştiraka dəvət edib.
UN-Habitat-ın Afrika üzrə Regional Ofisinin direktoru Oumar Silla və Uqanda nümayəndə heyəti Komitənin UN-Habitat ilə birgə WUF13-ə həsr etdiyi stendi ziyarət ediblər

Komitə sədri Anar Quliyev qonaqlara 13-cü Ümumdünya Şəhərsalma Forumunun əsas planları və ideyaları haqqında məlumat verib.
Bu haqda nə düşünürsən?