
7 iyun (MEMAR.TODAY) – İyunun 4-ü change.org platformasında Nicat Əzimzadə tərəfindən “Bakının tarixini birlikdə qoruyaq!” başlığı ilə açılmış petisiya səhifəsi paytaxt şəhərin problemlərindən birinə diqqət çəkir.
4 gün əvvəl başladılmış imza kompaniyasına artıq 1.270 nəfər qoşulub. Təşkilatçıların hədəfi ümumi 10 min imza toplamaqdır.
MEMAR.TODAY saytı oxucuları bu imza kampaniyasına qoşulmağa dəvət edir. #Bakıüçünimzala həştəqini istifadə etməyi unutmayın. https://www.change.org/p/bak%C4%B1n%C4%B1n-tarixini-birlikd%C9%99-qoruyaq?
Bakı şəhərinin qədim və özünəməxsus məhəllələrindən biri olan Bayırşəhər — xüsusilə Təzəpir məscidinin ətrafında yerləşən küçələr — bu gün ciddi sökülmə təhlükəsi altındadır. Biz, bu şəhərin memarlıq və tarixi irsinə dəyər verən vətəndaşlar olaraq, bunun qarşısının alınmasını vacib sayırıq.
Ərazi, Bakı şəhərinin 2040-cı ilə qədər təsdiq olunmuş Baş Planına əsasən, Xüsusi Mühafizə Zonası statusuna malikdir. Bu status, söküntü deyil, qorunma, bərpa və dəyərin artırılması deməkdir.
Bu məhəllələr təkcə fərdi evlər deyil — Bakının yaddaşı, koloritidir. Onların qorunması şəhərin mədəni irsi, turizm potensialı və gələcək nəslə ötürəcəyimiz dəyərlərlə birbaşa bağlıdır.
Biz aşağıdakıları tələb edirik:
- Söküntü işlərinin dərhal dayandırılması;
- Ərazidə şəffaf planlaşdırma prosesinin başlaması;
- Tarixi məhəllələrin qorunaraq, bərpa edilməsi və şəhər üçün yeni piyada mədəniyyət mərkəzinə çevrilməsi;
- Sakinlərin hüquqlarının qorunması və zorla köçürülmələrin qarşısının alınması.
Bayırşəhərin qorunması — dəyişməyə qarşı olmaq deyil, dəyərin saxlanılması və inkişafın dayanıqlı olması uğrunda bir çağırışdır.
Bu səbəbdən petisiyanı imzalayaraq biz səlahiyyətli şəxsləri və qurumları bu prosesə diqqətlə yanaşmağa, ictimaiyyətlə dialoq aparmağa və qərarların şəffaf şəkildə qəbul edilməsinə çağırırıq.
Gəlin, Bayırşəhəri birlikdə qoruyaq!
Bu haqda nə düşünürsən?