Məhəmmədi kəndində yerləşən qədim ovdan, Mənbə: PhotoStock.az

Bakı və ətraf kəndlərdə qədim tunellərin olduğu hamıya məlumdur. Ara-sıra jurnalistlərin araşdırma mövzusu olmuş “sirli və gizli” yeraltı yolların məqsədi alim və mütəxəssislərə məlum olsa da yerli sakinlərin dilində gəzən şəhər əfsanələri həqiqətin yerini tutmaqda davam edir. Fakta əsaslanmayan versiyalardan biri də bu tunellərin ehtiyat məqsədilə tikilməsidir. Halbuki yazılı mənbələrdə heç bir hökmdarın təhlükə zamanı gizli yollardan istifadə edib şəhərdən qaçdığı haqqında bir məlumat yoxdur.

Ovdan, kəhriz, buzxana kimi su qurğularının, həmçinin müdafiə qalalarının içində yeraltı yolların aşkarlanması təəccüblü hal olmamalıdır. Abşeronun yarım-səhra iqlimi burada qədimdən yaşayan insanlara ərazidən səmərəli istifadə edərək sağ qalmağı öyrətmişdir. Onlar çox yaxşı başa düşürdülər ki, yağıntıların miqdarı az olan dövrlərdə və ya düşmənin mühasirəsi zamanı içməli sudan qıtlıq çəkməmək üçün qabaqlayıcı tədbirlər görmək lazımdır. Abşeron yarımadasında həmçinin çoxlu sayda qədim hamamlar var. Buradakı çirkab suların kənarlaşdırılması da məhz yeraltı yollar vasitəsilə təmin olunmuşdur. Kankanlar tərəfindən qazılmış tunelləri o zamanın şərtlərinə görə rəğbətlə qarşılanan əsl mühəndislik həlləri hesab etmək olar. Onlar həm də bu tunellərin baxımını da həyata keçirirdilər. Beləliklə “sirli və gizli” yeraltı yolların əslində orta əsrlərdə su və kanalizasiya şəbəkəsi olduğu aydın olur.

Şollar-Bakı su qurğuları kompleksinin inşası (Şəkil: Medeniyyet.az)

Təəssüf ki, 1806-cı ildə orta əsrlərin sonuncu Azərbaycan dövləti olmuş Bakı xanlığı Rusiya tərəfindən işğal edilmişdi. Daha sonra buradakı neft yataqlarının kəşfiyyatı zamanı aparılan dərin qazıntılar orta əsrlərə aid artezian su şəbəkəsinə ciddi ziyan vurmuşdu. Nəticədə əhali təmiz şirin su ehtiyatından məhrum olmuşdu. İrəliləyən illərdə Neft Bumu baş verdi və Bakı əhalisinin sayı sürətlə artmağa başladı. Artıq, orta əsrlərdən miras qalmış yeraltı kanalizasiya yolları da əhalinin tələbinə cavab vermirdi. Bakıda yayılan vəba xəstəliyi Şəhər Dumasının üzvlərini təşvişə salmışdı. Onlar təcili həll yolları axtarmağa başladılar. 1892-ci ildə Şəhər İdarəsi dəniz suyundan istifadə etmək məqsədilə suşirinləşdirici qurğu tikmək haqqında “Bakı liman birliyi” cəmiyyəti ilə müqavilə bağladı. Onlar həm də  Kür çayından şəhərə su kəməri çəkmək üçün layihə tərtib etməyi sifariş vermişdi. Lakin layihələrin heç biri texniki və iqtisadi cəhətdən düzgün əsaslandırılmadığına görə baş tutmadı. Deyilənə görə şəhər dumasının fəxri üzvü H. Z. Tağıyev Tiflis şəhərinin kanalizasiyasının Kür çayına töküldüyü üçün bu layihənin həyata keçirilməsinə icazə verməmişdi. Şəhər rəhbərliyi 1893-cü ildə öz vəsaiti hesabına suşirinləşdirici qurğu inşa etdirməyə məcbur qalmışdı. Amma qurğunun emal etdiyi su olduqca baha başa gəlirdi. Buna baxmayaraq daha bir qurğu da tikilmişdi. Həmin dövrdə suşirinləşdirici qurğular mükəmməl olmadığından emal olunan su dadsız və qoxulu olurdu. Müvəqqəti çıxış yolu kimi Kür və Volqa çaylarından buxar gəmiləri ilə daşınan sudan istifadə edildi. 1899-cu ildə Odessada su təchizatı və hidravliklərin beynəlxalq qurultayında iştirak edən Bakı nümayəndə heyətinin üzvləri su kəmərinin çəkilişi ilə bağlı təkliflərini mütəxəssilərin diqqətinə çatdırırlar. Təklifi dəyərləndirən ingilis mühəndis Uilyam Hirleyn Lindley su mənbəyini özü seçmək şərti ilə Bakıya gəlməyə razılaşmışdı. Xeyli vaxt keçdikdən sonra Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarladı. Şollar Su kəmərinin inşasının bitməsinə qədər insanlar suyu vedrə ilə almağa davam edirdi. 1909-cu ildə tikintisi başlayan Şollar-Bakı su kəmərinin 1917-ci il fevralın 18-də təntənəli açılışı keçirildi. Hal-hazırda 100 ildən artıq xidmət göstərən Şollar kəməri 24 artezian quyusundan, eləcə də lay və bulaq sularından qidalanır. Sovet dövründə də Bakının su və kanalizasiya şəbəkəsi böyük həcmdə genişlənib. İndi isə orta əsrlərə aid tunelləri iri diametrli boru kəmər sistemi əvəz etdiyinə görə onların əsl məqsədi insanlar tərəfindən unudulub.


Discover more from MEMAR.TODAY

Subscribe to get the latest posts sent to your email.

Bu haqda nə düşünürsən?

XƏBƏR LENTİ

Something went wrong. Please refresh the page and/or try again.