Qlobal miqyasda temperatur yüksəldikcə, bir vaxtlar görünməz təhlükə hesab edilən Şəhər İstilik Adasının təsiri getdikcə daha aydın görünür və daha da təhlükəli olur. Bununla belə, artan təhlükəyə baxmayaraq, şəhərlərin təxminən 30%-ni təşkil edən ictimai məkanlar qızmar istilərdən bir anlıq qurtulmağa və şəhər dayanıqlığının artırılmasına yeni fürsətlər tanıyır.
Tropik iqlimlər şəhər mühiti üçün ciddi əngəllər yaradır, ekstremal temperaturlar isə açıq məkanları ilin böyük hissəsində istirahət üçün yararsız edir. Şəhər İstilik Adası effektinin təsirləri şəhərlərdə və xüsusilə əhalinin sıx toplaşdığı ərazilərdə bu şərtləri daha da ağırlaşdırır. Kənd və şəhərətrafı ərazilərlə müqayisədə şəhər mühitində hərarət gərginliyi daha güclü hiss olunur. Şəhər ilə kənd arasındakı 10-20 oC fərq, artan iqlim böhranı ilə birləşərək, Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) kimi isti ölkələrdə və Hindistan kimi tropik iqlimlərdə gündəlik həyatı getdikcə daha çətinləşdirir. Aramsız elektrik enerjisi sərfiyyatı tələb edən sistemlərə müraciət etmədən təbii ünsürlərdən və memarlığın üstünlüklərindən faydalanan Passiv Dizayn strategiyaları şəhərdə hərarət gərginliyini azaltmaq üçün getdikcə daha vacib hala gəlir.
Həm Hindistan, həm də BƏƏ davamlılığı artırmaq üçün öz Passiv Dizayn strategiyalarında kölgəlik, su inteqrasiyası və bitki örtüyünə üstünlük verirlər. Hər iki ölkə də sosial qarşılıqlı əlaqəni təşviq edən rahat ictimai məkanların yaradılmasında qərarlıdırlar. Lakin, onların yanaşmalarında müəyyən fərqli məqamlar var. BƏƏ, Əbu-Dabi İqlimə Dayanıqlılıq Təşəbbüsü kimi böyük miqyasda və iddialı pilot layihələrlə yuxarıdan aşağıya yanaşma tətbiq edir. Bunun əksinə olaraq, Hindistanın strategiyası adətən ənənəvi memarlıq təcrübəsindən faydalanmaq və su idarəetmə sistemlərini tətbiq etməklə müasir ehtiyacları tarixi təcrübələrə qarışdırmaq məqsədi daşıyır. Bu fərq müxtəlif kontekstləri və prioritetləri əks etdirir, lakin hər iki ölkə əsas etibarilə innovativ dizayn və ictimai iştirakçılıq ilə dayanıqlı və ahəngdar şəhər mühiti yaratmağa çalışır.
Mənbə: ArchDaily
Bu haqda nə düşünürsən?